gecə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gecə
is.
1. Günün günbatandan günçıxana qədər, axşamdan səhərə qədər olan hissəsi. Gecə vaxtı. – Gecənin xeyrindən sabahın şəri yaxşıdır. (Ata. sözü). Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eylərəm. M.P.Vaqif. Gecədən üçdörd saat keçmişdi. C.Məmmədquluzadə. • Gecə boyu – bütün gecəni. Gecə gözü – gecə vaxtı, gecənin qaranlığında, gecə. [Gülnaz:] Ata, bu gecə gözü hara?.. M.İbrahimov. Gecə keçmək – gecənin gec vaxtı olmaq, yatmaq vaxtından keçmək. Münaqişə olacağını hiss edən Qulu saata baxdı: – Gecə keçir, getməliyik, – dedi. Çəmənzəminli. Gecə qaralmaq (düşmək) – gündüz qurtarıb gecə başlanmaq. Təbibsiz-davasız xəstə neyləsin?! Buludlar oynadı, gecə qaraldı. S.Vurğun. Gecədən keçmək – gecə düşəndən müəyyən müddət keçmək. Gecədən keçmişdi, üfüqlər qara; Sanasan kainat çəkilir dara. S.Vurğun. Gecəyə düşmək – gecə yol getməyə və ya çöldə qalmağa məcbur olmaq, gecələmək üçün yaşayış yerinə çata bilməmək. Gecəyə düşəcəyik, hələ azı üç saatlıq yolumuz qalıb.. İ.Əfəndiyev.
2. Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı. Füzuli gecəsi. Ədəbi gecə. Gənclər gecəsi. // dan. Axşam keçirilən müsamirə, konsert.
3. Gecə evdə geyilən, gecələr istifadə edilən. Gecə papağı. Gecə köynəyi.
4. Gecə fəaliyyət göstərən, gecə işləyən, gecə olan. Gecə qatarı. Gecə sanatoriyası. – ..Bakının “Nicat” cəmiyyətinə həsəd aparırlar ki, orada müntəzəm gecə kursları var. C.Məmmədquluzadə. Gündüz məktəbindən gecə məktəbinə keçdik. Q.İlkin. ‣ Gecə kəsmək – adətən toy gecələrində səhərə qədər yatmayıb şənlik etmək. Gündüz niyə yatırsan, gecə kəsməmisən ki? Gecə qara, cücə qara – “xəlvətdir”, “gizlidir”, “kimsə görmür” mənasında. Gecəni gündüzə qatmaq – çox işləmək, həddindən artıq çalışmaq, gecə də, gündüz də işləmək. Mən ki hər gecəni qatdım gündüzə; Üfüqdə sönməsin ulduzum, Ayım! S.Vurğun. Xoşdur bizə, xoşdur gecəni gündüzə qatmaq; Qurmaq və yaratmaq! S.Rüstəm. Gecənin bir aləmi (vaxtı) – gecədən xeyli keçəndən sonra, gecə yarısından sonra. Gecənin bir vaxtı bir də yuxuda gördü ki, bir dişi laxlayıb, ağzı qan ilə doldu. “Koroğlu”. Gecənin bir aləmi; Yarıqaranlıq otaq; Açdım gözlərimi. R.Rza.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gecə
gece