turklehceleri.org

Xidmət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xidmət

is. [ər.]
1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə. • Xidmət etmək – bir idarədə, müəssisədə və s.-də maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə yerinə yetirmək. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev. // Vəzifə, iş. Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.
2. Hərbi vəzifə yerinə yetirmə, ordu sıralarında və ya donanmada qulluq etmə; əsgəri vəzifə. Orduda xidmət. Həqiqi hərbi xidmətə çağırış. – Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik. Ə.Məmmədxanlı.
3. Orduda hərbi məşğələlər, vəzifələr sahəsi, habelə onlara xidmət edən idarələr sistemi. Ordunun tibbi xidmət idarələri. İnzibati xidmət. Kəşfiyyat xidməti.
4. İstehsalat sahəsi, habelə bir işin xüsusi sahəsinə baxan idarə, təşkilat. Hava xidməti. Qəza-bərpa xidməti. Dəmir yolunun hərəkət xidməti. // Adamların ehtiyaclarını, rahatlığını təmin edən təsərrüfat və ya başqa vasitələr sistemi. Kommunal xidməti. Rabitə xidməti.
5. Yüksək qiymətə, ada, nüfuza layiq olan hərəkət, fəaliyyət, iş. Vətən qarşısında böyük xidmət. Yubilyarın xidmətləri haqqında danışmaq. – Sənin işin, xidmətin, bir qəhrəmanlıq kimi tarixdə qalacaqdır. R.Rza. [Rəşid:] ..Mən bizim xidmətimiz və mövqeyimiz arasındakı fərqi başa düşürdüm. İ.Hüseynov. • Xidmət etmək (eləmək) – birinin və ya bir şeyin xeyri, səadəti, xoşbəxtliyi, rifahı naminə iş görmək, çalışmaq, əmək sərf etmək. Xidmət göstərmək – bax. xidmət etmək. Mərhum Həsən bəy [Zərdabi] ömrünün əvvəlindən axırınadək .. millət yolunda xidmət göstərməklə camaat içində çox şöhrət qazanmışdı. “Mol. Nəsr.”.
6. Birinə qulluq göstərmə; birinin ehtiyac və tələbatını təmin etmək üçün görülən iş. Dostcasına xidmət. Öz xidmətini təklif etmək. Əvəzsiz xidmət. Əhaliyə mədənimaarif xidməti. – Mən labüd qaldım bunlara [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. [Fəxrəddin:] Gözəl Səba! – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Kosa bu xidmətin qabağında özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov. • Xidmət etmək (göstərmək) – başqalarının hər hansı bir ehtiyac və tələbatını təmin edəcək iş görmək. Alıcılara yaxşı xidmət etmək. – Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi. Tarix göstərir ki, öz zamanında tərəqqiyə xidmət edən əsərlərin ömrü daha uzun olur. M.Hüseyn. Rəşidin atası neft mütəxəssisi olmaq, xalqına kömək, Vətəninə xidmət etmək istəyirdi. Ə.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xidmət

iş, vəzifə, qulluq
{iş, vazife, hizmet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xidmət

hizmet, servis


Son arananlar: