turklehceleri.org

Qələm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qələm

is. [ər.]
1. Mürəkkəbə batırıb yazmaq üçün ucu şiş və yarıq yazma aləti. Dəmir qələm. Qələmi əlinə alıb yazdı. – Qələm yazanı qılınc poza bilməz. (Ata. sözü). [Sədr] siyirməsindən bloknot çıxardı, bir neçə vərəq geri qatladı, qələmi mürəkkəbə batırıb yazmaq istədi. Mir Cəlal. // Polad qələmlər ixtira edilməmişdən qabaq qamışdan, qaz lələyindən hazırlanan yazı aləti. Qələm əyri kəsilsə də, doğru yazar. (Ata. sözü). Bir baş çəkin dərdməndin halına; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. Baxır kəlağaylı keçən gəlinə; Qarğı qələmini alır əlinə. S.Vurğun. // Karandaş. Salman kişi ona [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.
2. məc. Yazma qabiliyyəti, inşa qabiliyyəti, üslub; yazı. Onun gözəl qələmi vardır. – Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın. A.Səhhət. Diləyim budur ki, hər gecə, hər gün; Sənin qələmindən inci tökülsün. S.Vurğun. // Yazıçılıq simvolu kimi işlənir. Qələm möhkəm olmasa, yazının gücü olmaz. Mir Cəlal. Ürəksən, olmuşdur əsirin aləm; Nə yazsın, hüsnünə zəif bir qələm? S.Vurğun. • Qələm əhli – bax. qələm sahibi. Vaiz, qələm əhlin niyə təhqir eləyirsən? Ey əbri-siyəh, nuri nə təstir eləyirsən! M.Ə.Sabir. O qələm əhliydi, dilli-dilavər; Mən elə bilirdim ər oğlu ərdi. X.Rza. Qələm sahibi – fikrini yazıda yaxşı ifadə edə bilən adam; yaxşı üslubu, mühərrirlik qabiliyyəti olan adam; yazıçı, mühərrir. Qələm yoldaşı – birisi ilə bir yerdə yazı işində çalışan, yazıçılıq, mühərrirlik edən; həmkar. Məgər, otuz yeddidə güdaza vermədimi; Qələm yoldaşlarını; öz qələm yoldaşları? B.Vahabzadə.
3. Metal, daş, taxta və s. kimi bərk cisimlərin üzərində yazı yazmaq, naxış açmaq və s. üçün poladdan düzəldilmiş ucu iti alət. Yazıçı qələmi. Heykəltəraş qələmi. Möhürqazan qələm. // Dəmir kəsmək üçün ağzı iti polad alət. // məh. Odun yarmaq, daş sındırmaq və s. üçün dəmir alət.
4. k.t. Peyvənd üçün qələm kimi kəsilmiş nazik şiv. Qələm vurmaq. Peyvənd qələmi (ağaca calanacaq budaq parçası). Calaq üçün götürülən bitkinin calandığı bitki calaq və ya qələm adlanır. – Qələmlə ən çox limon və sitrus bitkiləri çoxaldılır, çünki bunların qələmlərinin çox faizi kök vermək qabiliyyətinə malikdir. M.Axundov. • Qələm etmək (eləmək) – 1) k.t. peyvənd etmək, calamaq; 2) ucunu qələm kimi kəsmək, sivriləşdirmək. [Qaraxan] .. dəmir kimi qurumuş çəpərdən bir neçə şiv çəkdi, onların ucunu yonub qələm elədi və qırıntılarını da su aşağı axıtdı. S.Rəhimov. Qələm olmaq – peyvənd olmaq, calanmaq, cinsi yaxşılaşdırmaq. Qələm olmuş cır alma. // Ot, taxıl çalındıqdan sonra, onların yerdə qalan ucuşiş kök hissəsi. Ayağıma qələm batdı. // Cavan ağac, fidan. Qələm basdırmaq.
5. köhn. Cür, növ. Beş qələm şey. – Mahmudun sərvəti yalnız bu dükan və dükanda mövcud olan maldan ibarət olmayıb, bunlardan başqa iki qələm malı daha vardı. B.Talıblı.
6. Lələk (quşlarda). Xoruzun boynunda, belində, qanadlarının və quyruğunun üstdə uzun, əyri və rəngbərəng qələmlər var.. H.Zərdabi. ‣ Qələm çalmaq – yazmaq, yazıb tərifləmək. Yüz il qələm çalsam gözəl hüsnünə; Doyarmı eşqindən sadiq bir ürək? S.Vurğun. Məndə qüdrət yoxdur qələm çalmağa; Tərif eyləməyə ancaq birini. Ə.Cavad. Qələm çəkmək – pozmaq, adını silmək, yaddan çıxarmaq, adını çəkməmək. Qələm çəkdi əsarətə, əbədilik o şad oldu. M.Rahim. Qələm işlətmək – yazmaq. Salik, mərsiyə şerinin geniş yayıldığı zamanda yaşamasına baxmayaraq, bu sahədə demək olar ki, qələm işlətməmişdir. (Qəzetlərdən). Qələm qaş şair. – sanki qələmlə çəkilmiş incə, gözəl qara qaş. Ələsgərəm, yandım eşq atəşində; Gözüm qaldı sənin qələm qaşında. Aşıq Ələsgər. İlhamın zövq alır can sirdaşından; Sular sonasının qələm qaşından. S.Vurğun. Qələm qatmaq – yazılan bir yazıya təshih və ya təhrif məqsədi ilə əlavələr etmək, pozub düzəltmək, üzərində işləmək. Qələm olmaq – sınmaq, kəsilmək. Qələm olsun əli ol katibi-bədtəhririn; Ki, fəsadi rəqəmi surumuzu şur eylər. Füzuli. Bir yanda qələm oldu uzun qollari-Abbas; Bir yanda gərək xeymələr odlana bu gündə. Aşıq Ələsgər. Qələmdən düşmək – yaddan çıxmaq, adı çəkilməmək, yada salınmamaq, sayılmamaq. Qələmə alınmaq – yazılmaq, inşa edilmək, təsvir edilmək. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. M.Ə.Sabir. Leyli və Məcnun, Romeo və Cülyetta .. kimi gənclərin faciəsi böyük sənətkarlıqla qələmə alınmış və bu faciə əsrlər boyu insanları həyəcanlandırmışdır. M.Arif. Qələmə almaq – bir mövzu ətrafında bir şey yazmaq, inşa etmək, yazmağa başlamaq, təsvir etmək. Qaragözov işığı yan edib, alətləri yerə qoyanda nə qədər sevindiyimi qələmə ala bilmirəm. Mir Cəlal. Qələmə vermək – bir adamın adını yaxşılıq, yaxud yamanlıq ilə birinin yanında çəkmək və ona tanıtmaq. Sənin adını pis qələmə veriblər. O, yaxşı qələmə verilmişdir. – [Hacı Murad:] Orada evim yıxılıbdır ki, xalq məni dövlətli qələminə veribdir. S.S.Axundov. Qələmindən çıxmaq – tərəfindən yazılmaq, inşa edilmək. Sənətkarların qələmindən çıxmış ölməz əsərlər. – Hər dəfə ağamın qələmindən çıxan həcvlərdə o qədər zəhər olur ki, cəhənnəmdə, onun hücrələrində bu qədər zəhər yoxdur. Ə.Məmmədxanlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qələm

kalem


Son arananlar: