Dəng
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəng
I. : dəng eləmək (etmək) (bəzən “başını”, “baş-beynini”, “qulağını” sözləri ilə) – çox və bərk danışmaqla, qışqırmaqla, səs-küy salmaqla bezikdirmək, adamın başını, qulaqlarını yormaq; baş-qulaq aparmaq. Dəng eləmişdi xalqı sədayi-nəvaların. Q.Zakir. Sən də çox başımı dəng eyləmə, doldur çubuğu; Mən behişt istəmirəm, aləmə elan olsun! M.Möcüz. // Bıqdırmaq, narahat etmək, zəhləsini aparmaq. Yarın fikri, xəyalı; Məni gecə dəng edər. Sarı Aşıq; dəng olmaq (bəzən “qulaq” sözü ilə) – səsdənküydən və s.-dən qulaqları batmaq, başı yorulmaq, təngə gəlmək, üzülmək. Səs-küydən, qışqırıqdan dəng olduq. – Bilməm nə görübdür bizim oğlan oxumaqdan; Dəng oldu qulağım. M.Ə.Sabir.
II. is.
1. məh. Bərabər, tay. Sən ona dəng deyilsən.
2. dan. Cüzi bir hissə, bir dənə. Çin mülkünə verməm saçının dəngini. M.P.Vaqif. Mah ilən hüsnünün xoş rənginə; Yetə bilməz təcnisimin dənginə. Aşıq Pəri.
3. köhn. Qara xırda pul; qəpik-quruş. Dəvənin biri dəngə, vay dəng dərdi. (Ata. sözü).
4. məh. Bir yerdən başqa yerə aparmaq üçün bağlanan tay, top, bağlama. İpək dəngi. Kağız dəngi.