turklehceleri.org

ətək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ətək

is.
1. Paltarın beldən aşağı tərəfə uzanan hissəsi. Paltonun ətəyi uzundur. Pencəyin ətəyini bir qədər qısaltmaq lazımdır. – Sancıb belə nazənin ətəklər; Cəm eyləyəlim gözəl çiçəklər. Füzuli. Dəli Səməd ətəklərini çırpıb, durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi.. Çəmənzəminli. Bacı və qardaş ətəklərinə yığdıqları qulancarları yerə töküb oturdular.. S.S.Axundov. // Paltar ətəyinə oxşayan hər şey. Şeyxin anası çadırın ətəyini qaldırıb hara isə baxır, sonra oğluna tərəf dönür. Ə.Məmmədxanlı.
2. Dağın, yamacın və ümumiyyətlə, hündür yerin aşağı tərəfləri. Dağ ətəyi. – Qarabağda dağın ətəyində, .. çəməndə atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı .. fikirli oturubdur. C.Məmmədquluzadə. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. A.Şaiq. Getdikcə ağacların sayı artır və dağların çılpaq ətək və zirvələri də yaşıl dona bürünür. M.İbrahimov. // Bir yerin yaxını, yaxın tərəfi. Meşənin ətəyi. – Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.
3. Ağac budaqlarının, qalxandan sonra aşağı əyilən yerləri, alçaq hissəsi. Ağacın ətəyini qırmaq. Tut ağacının ətəklərindəki tutları uşaqlar yeyib qurtarmışlar.
4. Adətən “bir” sözü ilə – qeyri-müəyyən çoxluq bildirir. [Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Ü.Hacıbəyov. [Seyid Əhməd:] Mən iki dəfə bu şəhərə gəlib, hər dəfəsində bir ətək pul aparmışam. Ə.Haqverdiyev. [Gileygüzarov:] Bir görün nadan yenə bir ətək pul qazandı. Mənimsə sandıqda xoruz səsi eşitməmiş gül kimi əsərlərim çap olunmamış yatıb qalır. S.Rüstəm. ‣ Ətək altdan ötürmək – 1) xəlvəti, gizli vermək; 2) yaddan çıxarmaq, unutmaq. Bəzən böyük kitablardan nümunələr gətirir; Lakin vicdan kitabını ətək altdan ötürür. S.Vurğun. Ətəyin tutmaq – bax. ətəyindən tutmaq (yapışmaq). Əğyar ətəgin tutma və əğyarə yapışma. Nəsimi. Ətəyindən tutmaq (yapışmaq) – yalvarmaq, himayə, kömək istəmək, pənah gətirmək. Sığın Allahına, tut ətəyindən; Olmuş qulaqların yoxsa kar sənin. Aşıq Məhəmməd. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut. A.Şaiq. Balama sən kömək ol; Ətəyindən tutmuşam; Qadan alım, tək sənin. B.Vahabzadə. Ətəyini buraxmaq – əl çəkmək, boşlamaq. [Sərdar Rəşid:] Qoy mənim bacım Mahrunun ətəyini buraxsın, onun üçün haradan istəyirsə, mən qız tapıb evləndirim. M.S.Ordubadi. Ətəyini çəkmək – qarşısını almaq, mübarizə aparmaq, yol verməmək. Qanun pozanların ətəyini çək; Şəhər nəfəs alsın körpələr kimi! S.Rüstəm. Abrını ətəyinə bükmək – bax. abır. [Hafizə xanım:] Vallah, bu saat abrını ətəyinə bükərəm. Ə.Haqverdiyev. [Mürşüd:] Sadıq! Sənin arvadın mənim abrımı bükdü ətəyimə, saldı yola. S.Rəhman. Daşı ətəyindən tökmək – bax. daş. Canlar alan cəlladbaşı; Ətəyindən tökdü daşı. Aşıq Həsən. Əl mənim, ətək sənin – bax. əl. [Fatmanisə:] Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi. Ə.Haqverdiyev.


Last searches: