ərk
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ərk
I.
1. is. Bir şəxsin yaşca böyüklüyü, yaxın qohumluğu, yaxud dostluğu səbəbi ilə başqa birisi ilə sərbəstcə davranmasına, rəftar etməsinə (söz deməsinə, nəsihət verməsinə, məsləhət verməsinə, acıqlanmasına və i.a.) yol verən yaxınlıq münasibəti. Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. Çəmənzəminli. Qonşu, sizə bir söz deyəcəyəm, ya ərk bilin, ya da tənqid sayın. Mir Cəlal. • Ərk etmək (eləmək), ərki çatmaq (yetmək) – həmin münasibətə əsasən özünə yaxın bilib dostcasına bir şey etmək, demək, öz adamı bilmək. [Gəray:] Yar sənə ərk edərək əyləndi; Qəlbinə sevgi səfası endi. A.Şaiq. Tükəz arvad ərki yetənləri getməyə qoymadı.. Ə.Əbülhəsən. Ərk edib guya sənə; Zəng vuracaq evinə. Z.Xəlil.
2. zərf Ərklə şəklində – ərk edərək, ərk edərcəsinə. Salman ərklə əlini uzatdı, Aslan isə dayanıb baxdı. S.Rəhimov. İmran kişi əlini qaldırıb ərklə [Tahirin] dizinə çırpdı. M.Hüseyn. Sona ərklə stəkanı [Qadirin] əlindən aldı.. Ə.Əbülhəsən.
II. is. İç qala, möhkəm hasar. Laxlayan daş ərkdə qalmaz. (Ata. sözü).