turklehceleri.org

əlayaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əl-ayaq

top. Qollar ilə qılçalar birlikdə. Əl-ayağını bağlamaq. Əl-ayağı titrəmək (əsmək). – [Köməkçi dedi:] Səriyin əl-ayağını, sürün onu bəri... Nə olubdur? C.Cabbarlı. Hatəmxan evin yerindən tərpənmir, Pası əl-ayağını uzadır və onu yerə çırpırdı. S.Rəhimov. ‣ Əl-ayağa dolaşmaq – mane olmaq, ayağa dolaşmaq. Uşaqları aparın, yoxsa əlayağa dolaşarlar. – [Yaşlı kişi:] Şoğəribə qalmış əl-ayağına dolaşır, – deyərək [Şirinnazın] çarşabını başından alıb yerə atdı. S.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, “əl-ayağa dolaşmasın!” Mir Cəlal. Əl-ayağa düşmək – təlaşa düşmək, təşvişə düşmək, həyəcanlanmaq. Mehdinin qaçmasını Naxçıvan və Gorus nəçənniklərinə xəbər verdilər. Nəçənniklər əl-ayağa düşdülər. “Qaçaq Nəbi”. Adamlar əl-ayağa düşdülər. İskəndər kişinin cənazəsini samanlığa apardılar. M.Hüseyn. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev. Əl-ayağı buza dönmək (soyumaq) – əlləri və ayaqları soyumaq, soyuqdan donmaq. Tahirin anası Gülsənəm arvad qaş qaralanda fermada sağını qurtarıb evə qayıdan zaman onun yanaqları gömgöy olmuş, əl-ayağı buza dönmüş, az qala dili tutulmuşdu. M.Hüseyn. Əl-ayağı düz – tərbiyəli, əxlaqlı, ismətli. Anam, bacım, qız gəlin; Əl-ayağı düz gəlin; Yeddi oğul istərəm; Bircə dənə qız, gəlin. (Bayatı). Əlayağı soyumaq – 1) ölümü yaxınlaşmaq, ölmək; 2) həvəsdən düşmək, ruhdan düşmək. Lotuların əl-ayağı işdən-gücdən soyudu... (Nağıl). Əl-ayağı sustalmaq – 1) zəifləmək, taqətsizləşmək. Yavaş-yavaş qulağıma tarqaval səsləri də gəlməyə başladı. Əlimayağım sustaldı. M.Rzaquluzadə; 2) bax. əl-ayağı soyumaq. Əl-ayağı titrəmək – 1) qorxudan və ya soyuqdan əsmək, titrəmək; 2) zəiflik, qocalıq, xəstəlik üzündən əl və ayaqları əsmək. Əl-ayağı üzülmək – bax. əli üzülmək (“əl”də). Əl-ayağı yerdən üzülmək – son dərəcə təəccüblənmək, heyrət etmək. Muxtarov Xanlara baxdıqca özü də məəttəl qalır, bəzən elə bil əl-ayağı yerdən üzülürdü. M.Hüseyn. Əl-ayağına düşmək – təzim etmək, qabağında diz çökmək, yalvarmaq. Əl-ayağını bağlamaq – hərəkət etməsinə imkan verməmək, mane olmaq. Əl-ayağını kəsmək – heç bir iş görməyə qoymamaq, mane olmaq. Əl-ayağını qayırmaq – hazırlaşdırmaq, hazırlıq görmək. [Hacı Həsən:] Ay qız, Fatma, Nazlının əl-ayağını qayır, bu gün gərək köçürək. C.Məmmədquluzadə. Əl-ayağını toplamaq – 1) işə başlamaq, nədən başlamaq lazım gəldiyini müəyyən etmək. Çimnaz isə hələ də əl-ayağını toplaya bilmirdi. Ə.Əbülhəsən; 2) işi qurtarmaq üzrə olmaq, işi tamamlamağa yaxınlaşmaq. Əl-ayağını yığ(ışdır)maq – nizam və intizama tabe etmək, tabe olmağa məcbur etmək, qabağını almaq, istədiyini etməyə qoymamaq, müəyyən çərçivə içərisinə almaq. Əl-ayaq açmaq – istədiyi kimi, sərbəst hərəkət etmək. Əl-ayaq atmaq – bax. əl-ayaq çalmaq. Əl-ayaq çalmaq – çırpınmaq, çapalamaq. Əl-ayaq çəkilmək – bax. əl-ayaq yığılmaq. ..Gecə yarısı əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir. M.S.Ordubadi. Axşam əl-ayaq çəkiləndə bura gəlib, üzünü bu qayaya tutub “a qaya-qaya!” deyə çağırsan, “qaya-qaya!” deyən əks-səda eşidərsən. R.Rza. Çünki elə hər gecə, çəkiləndə əl-ayaq; Qaranlıq döngələrdə onlar verir səs-səsə! Ə.Cəmil. Əl-ayaq eləmək (etmək) – 1) tərpənmək, hərəkət etmək, səy göstərmək, yubanmamaq, cəld tərpənmək. Bir əl-ayaq eləsək, işin canı alınar. – Bədəlovun taqımı doğrudan da elə əl-ayaq elədi ki, Mədədov onları görəndə təəccübdə qaldı. Ə.Əbülhəsən; 2) tapmaq, əldə etmək. Zəhmət çək, mənə bir paket əl-ayaq elə. Mir Cəlal. Əl-ayaq kəsilmək – bax. əl-ayaq yığılmaq. Kənddə əl-ayaq kəsilmişdi. Ə.Abasov. Əl-ayaq qoymaq – bax. əl qoymaq 2-ci mənada (“əl”də). Əl-ayaq oynatmaq – 1) çapalamaq; 2) məc. hədələmək. Əl-ayaq tərpətmək – cəld işləmək, tələsmək, hərəkətə gəlmək, səy etmək. Bir əlayaq tərpət görək. – [Eyvaz kişi] bir qədər əl-ayağını tərpədərək üzdüsə də, birdən suların arasında yox oldu. Ə.Vəliyev. Əlayaq vermək – kömək etmək. Qonaqlıqda əl-ayaq verən çox olduğundan hər iş qaydalı gedirdi. Əl-ayaq yetişməmək (çatmamaq) – çox uzaqda olmaq, görüşmək mümkün olmamaq. Cənnətin hurisi, ərzin mələki; Yetişməz, yüz qala, əl-ayaq sənə. Q.Zakir. Əl-ayaq yığılmaq (yığışmaq, yığışılmaq) – gediş-gəliş, hərəkət kəsilmək, hamı evinə çəkilmək. Axşamdan xeyli keçmişdi, kənddə əl-ayaq çoxdan yığılmışdı. M.Hüseyn. Əl-ayaqda qalmaq – ortada qalmaq, başqalarının əvəzinə cavab verməli olmaq. Qadın bağırırdı: – ..Hərəniz özünüzü bir deşiyə soxun, əldə-oyaqda mən qalım! Ə.Əbülhəsən. Əl-ayaqda olmaq – hazırlıq görmək, tədbir görmək, amadə olmaq, hazır olmaq. Əl-ayaqdan düşmək – əldən düşmək, bərk yorulmaq. Mən səni izləməkdən düşmüşəm əl-ayaqdan. S.Rüstəm. Əldən-ayaqdan düşmək – bax. əl-ayaqdan düşmək. Əldən-ayaqdan getmək – bax. əldən getmək 1-ci mənada (“əl”də). Onun üçün nə əldən-ayaqdan gedirsən? – Kimisi əldən-ayaqdan gedir, kimisi sadəcə gülür, kimisi də haylı-küylü danışığı ilə özünü gözə verməyə cəhd edirdi. S.Rəhimov. Bəndalı ustasının xahişinə tez və dürüst əməl eləmək üçün əldən-ayaqdan gedir, kürə qabağında fır-fır fırlanırdı. Mir Cəlal. Əldən-ayaqdan olmaq – çox gəzməkdən yorulmaq, əldən düşmək. Əldən-ayaqdan salmaq – 1) çox gəzmək, hər yerdə olmaq; 2) taqətdən salmaq, yormaq. [İkinci mühafiz:] Tüksüz yapıncı .. [Ələmdarı] bu fırtınada lap əldən-ayaqdan salacaqdır. S.Rəhimov. Əlini-ayağını çəkmək – bir yerə daha gedib-gəlməmək, əlaqəsini kəsmək.


Last searches: