zərrin
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zərrin
sif. [fars.]
1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış. Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. (Nağıl). Dövrü bir bəzmdir behiştibərin; Tac zərrin, sürahi həm zərrin. Füzuli. // Zərli. Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. M.P.Vaqif. İlhamımın yelkəni zərrin saçın olaydı. M.Müşfiq. Hər fikir mülkündə zərrin tac yatır; Hər meyvə tumunda bir ağac yatır. O.Sarıvəlli.
2. şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrin şüalar. – ..Qərbdəki ulduzlar zərrin dumanlar içində itmiş, şərqdəkilər sanki qorxub bir-birinə qısılmışdı. Ə.Məmmədxanlı. Miz üstündə yanır bir şam titrədikcə şölələri; Səpib zərrin tellərini o bəzəyir nurla yeri. B.Vahabzadə.