turklehceleri.org

xoş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xoş

sif. [fars.]
1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. Xoş xasiyyət. Xoş təbiət. Xoş səda. – [Quşların] ..xoş avazları cütçünü həvəsə gətirdi. S.S.Axundov. [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Yazın ilıq nəfəsində; Yasəmənin xoş ətri var.. N.Rəfibəyli. // Ruhu oxşayan, ləzzət verən, səfalı, nəşəli. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Buradan binanın o biri həyətinə xoş bir mənzərə açılırdı. M.Hüseyn. Günortaya qədər ürəkaçan xoş bir hava vardı. M.Rzaquluzadə. // Mehriban, könlü oxşayan, ürəyəyatan. Xoş baxış. – Tanrı səni xoş cəmala yetirmiş; Səni görən aşıq əqlin itirmiş. Qurbani. Eldarın xoş bir əda ilə: – Buyurun, buyurun! – dediyini eşitdim. M.Rzaquluzadə. Mehriban əlində tayqulp uzaqdan xoş dillə sözə başladı. M.Süleymanov. // Gözəl, yaxşı, fərəhli, xoşbəxt. Xoş gələcək. Xoş dövran. Xoş çağ. – Gör dünənim hara, bu günüm hara; Aparır daha xoş gözəl çağlara. B.Vahabzadə.
2. Xoşa şəklində klas. – bax. xoş halına! Xoşa o aşiqə kim, məclisində yarı ola; Vüsali-yardə fərxəndə ruzigarı ola. S.Ə.Şirvani.
3. Xoşdur şəklində – yaxşıdır, gözəldir. [Nüşabə:] Belə işlərdə mətanət xoşdur; Hələlik incə siyasət xoşdur. A.Şaiq. Xoşdur səhər nəğməsi; Səhərin oyaq səsi; Axşamın havasından! M.Müşfiq.
4. Xoşla şəklində zərf – könüllü (olaraq), zorsuz, öz razılığı ilə, öz xoşu ilə. Xoşla iş görmək. – [Daşdəmir İnciyə:] Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. C.Cabbarlı. [Baxış bəy] istər zorla, istər xoşla ələ saldığı adamların sayını artırmağı özünə xüsusi məharət və şöhrət sanırdı. Ə.Abasov. ‣ Xoş gəldin – 1) biri ilə görüşəndə, bəzən də ayrılanda işlədilən ifadə. Əzizim, səfa gəldin; Xoş gəldin, səfa gəldin; Nə mən öldüm qurtardım; Nə sən insafa gəldin. (Bayatı); 2) çıx get, rədd ol, gedə bilərsən mənasında ifadə. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” deyib qovardı. S.Hüseyn. Xoş gəlibsən (gəlmisən); xoş gəlib, səfa gətirmisən – gələnə söylənilən mehriban salam ifadəsi. [Mirzə Mustafa:] Sən xoş gəlmisən, əzizim, səfa gətirmisən. E.Sultanov. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə. N.Nərimanov. [Nisəbəyim xanım:] Əleykəssalam, xoş gəldin, səfa gətirdin. Əyləş görək, balam, sən hara, bura hara. M.S.Ordubadi. Xoş gəlmək – bax. xoşuna gəlmək. [Asya:] Yox, yox, çox xoş gəlir. Elə ona görə də məni bir sayaq qəm basır, qüssə eləyirəm. Ü.Hacıbəyov. Qocadan eşitdiyi bu tərif Nərgizə elə xoş gəldi ki, burnunu çəkib başını uca tutdu. Ə.Məmmədxanlı. Xoş gördük! – salam ifadəsi. [Atakişi:] Babakişi, sənsən? A kişi, xoş gördük, dayan bir səni qucaqlayım.. C.Cabbarlı. [Gülara:] Xoş gördük, vəfasız dost! İ.Əfəndiyev. [Nisə xanım:] A, xoş gördük Ayaz! Ə.Məmmədxanlı. Xoş halına! – bəxtəvər, bəxtəvər başına (istehza ilə). [Nazlı:] Dayə, – dedi, – xoş halına. Yaxşı ki, o mələk sənin qəlbini viranə bağa döndərməmişdir... Çəmənzəminli. [Gülöyşə Hidayətə:] Vallah, yaxşı oğulsan, xoş halına Çiyələyin. B.Bayramov. Xoş keçmək – çox yaxşı keçmək, şən keçmək, rahat keçmək. Nə xoş keçir bu şən gün; Atlanan gün, düşən gün; Ağlım başımdan oynar; Yar yadıma düşən gün. (Bayatı). Quzu mələr yaylağında; Xoş keçir halı dağların. Aşıq Şəmşir. Xoşa gəlmək – bəyənilmək, ürəyə yatmaq, ləzzət vermək. Kəklik kimi sən qəhqəhə çalanda; Xoşa gəlir o səndəki dil, Cahan! Aşıq Abdulla. Xoşuna (xoşu) gəlmək – bəyənmək, ürəyincə olmaq, ürəyinə yatmaq. [Məşədi İbad:] İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin?.. Ü.Hacıbəyov. Təzə qırmızı donu Nərgizin çox xoşuna gəldi. Ə.Məmmədxanlı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xoş

I. üzügülər, semimi, xeyirxah, melahətli
{güler yüzlü, samimi, içten, latif}

II. əlverişli, münasib, yararlı
{elverişli, münasip, yararlı}

III. ləzzətli, nəş’əli, səfalı
{lezzetli, neşeli, sefalı}

IV. sakit, mülayim, yumşaq
{sakin, mülayim, yumuşak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xoş

hoş


Last searches: