pəncə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
pəncə
is. [fars.]
1. Əl ayası ilə beş barmaq birlikdə. Pəncəsini açmaq. – Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub, belini düzəltdiyi zaman günəş onu salamladı. Ə.Abasov. // Heyvanların qabaq ayaqlarının barmaqları ilə dırnaqları. [Pələng] də məni görmüşdü, pəncəsilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. [Tula] sağ pəncəsini yarı qaldırıb bükmüş, .. özü isə heykəl kimi hərəkətsiz durmuşdu. M.Rzaquluzadə.
2. Ayağın dabandan başqa, barmaqların da daxil olduğu alt hissəsi. Pəncəsinə tikan batıb. – Eldar .. pəncələri üstündə yeriyərək reproduktorun səsini kəsmək üçün əlini uzatdı. M.Rzaquluzadə. ..[Zabit] pəncələri üstündə qalxıb-düşərək özündən razı halda səhranı seyrə daldı. M.İbrahimov. // Ayaqqabı altlığının həmin hissəsi. Çəkməyə pəncə vurdurmaq.
3. Bir əl tutacaq qədər taxıl, ot və s. Alov iri ağzını geniş açaraq yığılmış taxılı, pəncələri, bağlanmamış bafaları udurdu. Ə.Vəliyev. Onların biçdikləri yerdə nəinki pəncə, hələ dərz də gözə az dəyirdi. Ə.Əbülhəsən. // Bir əl tutacaq miqdar. Bir pəncə plov.
4. Kultivator və s.-də torpaqda kiçik şırımlar açan hissə. Kultivatorun pəncəsi.
5. məc. Qüvvət, zor, zor-güc; məngənə. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq. Zülmün pəncəsində inlərkən cahan; İlk azadlıq sözü səndən ucalmış.. N.Rəfibəyli. ‣ Pəncəsindən qurtarmaq (xilas olmaq) – əlindən qurtulmaq, azad olmaq, xilas olmaq. Pəncəsinə düşmək (keçmək) – əlinə keçmək, tutulmaq. [Qacar:] Keçdi pəncəmizə gözəl Qarabağ; Öpsün qılıncımı hər qaya, hər dağ! S.Vurğun. Aya, hankı cəlladın pəncəsinə keçdiniz; Neçin böylə qəddiniz sındı, büküldü, dağlar? M.Müşfiq. pəncə-pəncə sif. Üzərində pəncə şəklində gülləri, naxışları olan. Pəncə-pəncə parça. – Bir də görərdin ki, dövlətli qadın pəncəpəncə donunu geydi. H.Sarabski. ‣ Pəncə-pəncəyə gəlmək – bax. pəncələşmək. Ölümlə pəncə-pəncəyə gəlmək. – Buludlar gəldikcə pəncə-pəncəyə; Sanasan varlığın ürəyi əsir. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
pəncə
ayaq
{ayak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
pəncə
taban