kəşfiyyat
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kəşfiyyat
is. [ər. “kəşf” söz. cəmi]
1. Hər hansı bir məlumat əldə etmək məqsədilə aparılan tədqiq, ya yoxlama işləri. Faydalı qazıntılar kəşfiyyatı. Neft kəşfiyyatı. – [Sadıqzadə:] Bax, bütün bu arada buruqlar qoyulacaq, kəşfiyyat işləri başlanacaq, Turşsu, İstisu, başqa-başqa şəfa qaynaqlarının bitib-tükənməz mənbələri elmi əsaslar üzrə öyrəniləcəkdir. S.Rəhimov. [İnşaatçılar “Gəmilər ada”sında] ilk kəşfiyyat quyusunu qazacaq adamlar üçün baza yaratmağa – dəmir sütunlar üzərində bir ev tikməyə gəlmişdilər. Ə.Sadıq.
2. Düşmənin yerini və qüvvəsini müəyyən etmək üçün əsgəri qrup tərəfindən aparılan əməliyyat. İldırım kəşfiyyatdan qayıdanda, hər gecə; Qoltuğundan bir şəkil çıxarırdı gizlicə. S.Rüstəm. Cavadın qabaqcadan göndərdiyi kəşfiyyat dəstəsi bu top hazırlığının gurultusu altında düşmən cərgələrinə yaxınlaşmışdı. Ə.Vəliyev.
3. Başqa dövlətlərin iqtisadi və siyasi durumu, onların silahlı qüvvələrinin vəziyyəti haqqında məlumat əldə etmək məqsədilə xüsusi dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin məcmusu, bu cür məlumat toplamaqla məşğul olan adamlar, təşkilat. Kəşfiyyat orqanları.