turklehceleri.org

küçə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

küçə

is.
1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. İstiqlaliyyət küçəsində yaşamaq. – Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. C.Məmmədquluzadə. Yan küçədən çıxan bir qaraltı onun qarşısında dayandı. Ə.Sadıq. • Küçə həyatı keçirmək – avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq. Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn. Küçə qadını (arvadı, uşağı, adamı) – tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq. – Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. M.S.Ordubadi. Küçə mirzəsi köhn. – keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə. Mirzə Cavad küçə mirzəsi idi. Ə.Haqverdiyev. Küçə səngəri – bax. barrikada. Küçə sözü – ədəbsiz söz(lər), söyüş. [Aygün:] – Əvvəl, mənə aşna demə! Bir anayam mən! Bizim evə yaraşmayır bu küçə sözü... S.Vurğun.
2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq. • Küçə qapısı – 1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək; 2) həyətdən küçəyə açılan qapı. Məmmədhəsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə qapısının ağzına. C.Məmmədquluzadə. Küçə qapısı açıldı. S.Hüseyn. Küçə pəncərəsi – evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq. Küçəyə baxmaq – küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır. – Küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü. İ.Şıxlı. ‣ O küçə sənin, bu küçə mənim – çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim. Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. İ.Məlikzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

küçə

sokak


Last searches: