kitab
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kitab
is. [ər.]
1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü. // Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab. – Nə qədər ki, qamusları vərəqlədim, nə qədər ki camaat içində dolandım, “millət” sözünü nə eşitmədim, nə də bir kitabda gördüm. C.Məmmədquluzadə. Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə. M.Ə.Sabir. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. S.Hüseyn. // Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi. • Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı.
2. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm” romanı iki kitabdan ibarətdir. • Kitab dili – canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub. ‣ Kitab açdırmaq din. – Quranla fala baxdırmaq. Aman ay molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini, sən də de ordan: “ölübə!” M.Ə.Sabir. Kitab açmaq din. – Quranla fala baxmaq. Abidi çağırıb dedilər: – Bir kitab aç, görək padşahın dərdi nədir? (Nağıl). Kitab bağlamaq – tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq. – Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. [Kərim baba:] ..Mən əgər yazı-pozu bilsəydim, gənclikdə göstərdiyim igidlikləri bir-bir yazar, böyük bir kitab bağlardım. A.Şaiq. Kitab bağlanmaq – sona çatmaq, sona yetmək, iş bitmək. [Aftil:] Bəh, bəh! Kitab bağlandı. C.Cabbarlı. Kitab əhli – bax. əhli-kitab (“əhl”də). Kitaba baxmaq – bax. kitab açmaq. Kitaba əl basmaq din. – Qurana and içmək. Kitabı bağlanmaq – axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı. – Daha bunun kitabı bağlandı, – deyə bəzən neftçilər quyudan əllərini üzdülər. M.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kitab
kitap