turklehceleri.org

imtahan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

imtahan

is. [ər.]
1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. İmtahana hazırlaşmaq. İmtahan komissiyası. – İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. İmtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir. Mir Cəlal. ..Səhər saat doqquzda riyaziyyatdan yazılı imtahan başlandı. İ.Əfəndiyev. • İmtahan eləmək (etmək) – hər hansı bir fənn üzrə tələbənin, şagirdin biliyini yoxlamaq. Tələbələri imtahan etmək. – Dərs demək istəyirəm; İmtahan edin məni. B.Vahabzadə. İmtahan vermək (tutmaq) – hər hansı fənn üzrə yoxlama sınağından keçmək. Elm öyrən, imtahan ver; Öz fəzlini nişan ver. M.Ə.Sabir. “Həblülmətin” yazır ki, Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə, axırda imtahan tuta və şəhadətnamə ala. C.Məmmədquluzadə. [Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu. S.Rəhimov.
2. məc. Sınaq, sınama, yoxlama, sınaqdan keçirmə. Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox. S.Ə.Şirvani. • İmtahan ayağında – gərgin zamanda, çətin vəziyyətdə, bərk ayaqda, sınaqda. Ellərin qarşısında imtahan ayağında; Rəvamıdır mən solum açılmamış çiçək kimi. S.Rüstəm. İmtahan eləmək – sınamaq, yoxlamaq, sınaqdan keçirmək, təcrübə eləmək. Eşq əhli məhəbbət etsə izhar; Əvvəl onu imtahan edər yar. Füzuli. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm. X.Natəvan. [Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. M.S.Ordubadi. İmtahana çəkmək – bax. imtahan eləmək. Sən demə, əmisi doğrudan da İbrahimi imtahana çəkmək istəyirmiş ki, görsün İbrahim nə deyəcək. (Nağıl). Qədim əyyamda bir qıza elçi gəlsəydi, o qızı bir neçə imtahana çəkərdilər. R.Əfəndiyev. [Hacı Murad:] Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. S.S.Axundov. İmtahana düşmək – yoxlanmaq, sınanmaq, sınaqdan keçirilmək. Eldən yana düşmüşəm; Nahaq qana düşmüşəm; Yar məni bərkə çəkib; İmtahana düşmüşəm. (Bayatı). İmtahandan çıxmaq – sınaqdan yaxşı çıxmaq, yoxlamadan keçmək. Qorxub çəkilmədik ölümdən, qandan; Çıxdıq illər boyu çox imtahandan. S.Vurğun. Dostluq var ki, zamanın imtahanından çıxa bilmir. R.Rza. Hər şeyə qadir insan; Yer üzündə beləcə; Çıxdı min imtahandan. B.Vahabzadə. // məc. Həyati çətinliklər, ağır günlər. İrəlidə hələ böyük imtahanlar var. S.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

imtahan

yoxlama, sınaq
{yoklama, sınav}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

imtahan

imtihan, sınav


Last searches: