hər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hər
əvəz
1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına. • Hər bir – bax. hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında. – Əli yüz sirr oxuyur; Hər bir heyvan izində. R.Rza. Reyhan bütün dərslərindən; Hər bir zaman “beş” alardı. M.Dilbazi. Hər biri – toplu halındakı adamlardan, ya şeylərdən ayrıca götürülmüşü. Hər birinə tapşırıq vermək. Hər birini ayrıca dinləmək lazımdır. – Əgər Məcnun, əgər Fərhad – olar kim, dərd çəkmişlər; Yığılsınlar, mənimçin hər biri çarə yazsınlar. Qövsi. [Kərim baba ilə Ayrım qızı] keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq. // Bir çox hallarda əksinə, topluluq mənası verir. Hər işə qarışmaq. Hər arzusunu yerinə yetirmək. – Xədicə hər istədiyini [həyata keçirməyə] adət etmişdi, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. • Hər adam – bax. hər kəs. Bu qədər zurnaçı, züyçü əbəsdir; Hər adam bir quzu yemləsə bəsdir.. M.Araz. Hər an – bax. hər vaxt. Hər an gözləmək. – Görsə kim, bir fəqir edib üsyan; Lən edər ol fəqir üçün hər an. S.Ə.Şirvani. Hər cəhətdən (cəhətcə) – tamamilə, bütünlüklə. Dünyada hər cəhətcə birbirinin eyni olan iki adam yoxdur. Ə.Abasov. Hər cür – cürbəcür, müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Hər dəqiqə – bax. hər vaxt. Mən hər dəqiqə Bədirnisə xalanın içəri girəcəyindən qorxurdum. M.Hüseyn. Hər gün – daima, həmişə. Hər gün xeyrə açılmır dünyamızın bal ağzı. M.Araz. Hər kəs (kim) – 1) hər bir adam, hamı, bütün adamlar. Bundan hər kəsin xəbəri var. Şagirdlərdən hər kim çalışsa, usta ola bilər. – Hər kim məni, belə görə, bil, ağlar; Dağ, daş yanar, ulus, oymaq, el ağlar. M.V.Vidadi. ..Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov; 2) naməlum, qeyri-müəyyən adam, kim olur olsun. Hər kimdir, qoy içəri gəlsin. – [Sərvər:] Onda qızı hər kəsə istəyirsən, ver! Ü.Hacıbəyov. Hər ləhzə – bax. hər an. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını; Yerdən hər ləhzə bir ehsanə eylərsən həvəs. S.Ə.Şirvani. Hər nə – hər şey, nə varsa. Hər nə olursa. Hər nə istəsə, ver. Hər nə desə, qulaq as. Onun əlindən hər iş gələr. – Hər nəyimiz varsa, qurbandır sənə; Yaz gələr, atını minərsən yenə. H.K.Sanılı. [Minnət xanım:] Onu da yadında saxlarsan, sonra hər nə lazımdır, mən sənə deyərəm. Ü.Hacıbəyov. Hər nəfər – bax. hər kəs. [Şah:] Peşə ilə hər nəfər öz işlərin saz eylər. Ü.Hacıbəyov. Hər saat – bax. hər vaxt. Hər saat hazır olmaq. Hər şey – bütün, hamı, nə varsa hamısı. Hər şeyi açıb demək. Hər şeydən əlini üzmək. – Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq. Hər şey dərin bir sükut içində sahibinə baxıb, sanki soruşurdu. Mir Cəlal. Hər tərəf – bütün ətraf, ətrafdakı yerlər. Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi səsi eşidilir. – Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. Hər tərəfdə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi. M.Hüseyn. Hər vaxt – həmişə, hər zaman. Hər vaxt qapımız üzünüzə açıqdır. Hər vaxt istəsəniz, gələ bilərsiniz. Hər yan – hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü. Hər yan qaranlıq idi. – [İsmət:] Açılmış hər yanda güllər, çiçəklər; Qızlar, oğlanlar sevinər, seyr edər. H.Cavid. [Mərcan bəy:] Səsin düşüb hər yana; Çığırırsan, ay arvad. Ü.Hacıbəyov. Hər zaman – bax. hər vaxt. Hər zaman bunları gözüm görəndə; Köhnə yaram olur təzə dünyadə. Aşıq Ələsgər. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun.
2. Həmcins üzvlü cümlələrdə bölgü bildirir. [Abbas:] Qovma dərgahından şirin nökəri; Geymərəm hər şalı, hər qələmkari. “Abbas və Gülgəz”. Bu xəbər hər yana, hər yerə, hər səmtə yayılır və çatırdı. S.Rəhimov. ‣ Hər addımda (addımbaşı) – daim, tez-tez. Hər addımda çətinliklə üzləşmək. – Öz kökünü bilməyən gözü küllü bu millət; Zamanın yollarında hər addımda yanıldı. M.Müşfiq. Hər ağızdan bir avaz (səs) gəlir (çıxır) – bir işdə ümumi rəyin, yekdilliyin olmadığını bildirir. [Kazım:] Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir. İ.Şıxlı. Hər bir ehtimala qarşı – ehtiyac xatirinə, ehtiyac olduqda, lazım gəldikdə, ola biləcək bir iş xatirinə. [Fəxrəddin] hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. M.S.Ordubadi. Hər bir kəlamı (sözü) qızıldır – çox ağıllı, dəyərli, parlaq danışıq haqqında. Dünyagörmüş qocanın hər kəlamı (sözü) bir qızıldır. Hər biri bir oğula dəyər – çox qiymətlidir, misli-bərabəri yoxdur, çox gözəldir. Bu ağacların hər biri bir oğula dəyər. Hər gördüyündən göz kirəsi istəmək – gördüyü, rast gəldiyi adamdan bir şey almayınca əl çəkməmək. Hər halda – 1) ehtimal bildirir – yəqin, nə olursa olsun. Hər halda bu gün gələcək. – [Ceyran:] Hər halda yenə görüşə bilərik. S.Hüseyn. Hər halda yazdığım acı həqiqət; Balaca bir qızın böyük dərdidir. M.Rahim; 2) nə kimi vəziyyət olur olsun, nə olursa olsun, mütləq. Hər halda gəlməlisən. – Axund Fərəc hər halda camaatı ağlatmalı idi. Qantəmir. [Üçüncü əyan:] Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar. Ü.Hacıbəyov. Hər hansı bir – qeyri-müəyyənlik bildirir. Hər hansı bir şəxs. Hər hansı bir iş. – [Nüsrətəddin:] Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir. M.S.Ordubadi. Hər işə (şeyə) qulp qoyur – işləməyə mane olur. Hər şeyə qulp qoymaq onun köhnə adətidir. Hər kol dibindən çıxan – bax. hər yerindən duran. Hər kol dibindən çıxan özünü rəis sayır. Hər necə çalsa(lar), elə (eləcə) də oynamaq – öz müstəqil fikri olmayıb başqasının sözü ilə iş görmək. Müstəqil fikri yoxdur, hər necə çalsalar, elə də oynayır. Hər nə isə – söhbəti, söylənilən fikri yekunlaşdırmaq üçün işlənir; nə isə. Gecə şehmi düşmüş, xırdaca yağışmı yağmışdı, hər nə isə... M.Rzaquluzadə. Hər nə qədər (olsa) – necə olsa, hər halda. Hər nə qədər olsa əməkdaşımızdır, kömək etmək lazımdır. – Yer üzündə hər nə qədər insan yaşar; Yer üzündə o qədər də şeytan yaşar. M.Araz. Hər nə olur(sa) olsun – hər halda, necə olur olsun, mütləq. Hər nə olur olsun, kitab sahibinə qaytarılmalıdır. Hər nə olur olsun, getməliyəm. Hər şeydən əvvəl – ilk növbədə, ilk öncə; ən ümdəsi (bir şeyin əhəmiyyətini gücləndirir). Hər şeydən əvvəl, biz dostuq. Hər şeydən əvvəl, ədalətli olmaq lazımdır. Hər şeyi söz eləmək – hər boş şeyə diqqət vermək, ondan məna çıxarmaq. Hər şeyi söz eləyib dava salmaq. Hər tükü bir qızıl zar. – çox tərif məqamında işlənir. Qoyunumun hər tükü bir qızıldır. Hər vəchlə – hər vasitə ilə, hər necə olur olsun, hər halda. Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır.. M.Ə.Sabir. Hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) – başqası haqqında saymazyana işlədilən ifadə. Hər yerindən duran şair olub. Hər yoldan ötən göstəriş verir. – [Qərib:] Qayıtmasam, qınar məni hər yetən; Getdim, yar, əyləndim, bəlkə gəlmədim. “Aşıq Qərib”. [Əminə:] Hər çatan rüşvət verib canını qurtarmadımı? Ə.Əbülhəsən. Hər yolla – hər necə olursa olsun, bütün vasitələrlə. [Əyanlar:] Hər yolla çalışırdılar ki, mollanı Teymurun gözündən salsınlar. “M.N.lətif.”
Pamukkale Azerbaijani to Turkish (ADT version)
hər
her