turklehceleri.org

gəlmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

gəlmək

f.
1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək. Öz evimizə gəldik. Kinodan çıxıb mehmanxanaya gəldilər. – [Hacı Bağır:] Hə, axund, de görək nə xəbər ilə gəlmisən? H.Nəzərli. // Üzü danışana tərəf hərəkət etmək, yerimək, yaxınlaşmaq. Atlılar gəlir. Maşın gəlir. – [Məşədi İbad:] Aha, deyəsən, qız gəlir. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsilə bir yerə varmaq, çatmaq. // Qatar, gəmi, təyyarə haqqında. Qatarla gəlmək. Təyyarədə gəlmək. // Böyük bir məsafə qət edərək bir yerə çatmaq, yetişmək, varid olmaq. Mən İrana gələn karvanla Xoy şəhərinə gəldim. M.S.Ordubadi. // Yaxınlaşmaq, yanaşmaq. Yanına gəlmək. – ..Kərbəlayı Heydər əmi qeyzlə çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə.
2. Kütləvi şəkildə, axınla hərəkət edərək bir yerdə dayanmaq, məskən salmaq, yerləşmək. Yaylağa gəlmək.
3. Eşidilmək, hiss olunmaq, çatmaq. Arvad səsi gəlməyən yer biyabandır. C.Məmmədquluzadə. O yan-bu yandan güllə səsləri gəlirdi. A.Şaiq. ..Qan qoxusu gəlir, ölüm havası çalınırdı. M.Hüseyn.
4. Çəkisi olmaq, ağırlığı olmaq. Yemiş 2 kiloqram gəldi. Qarpız nə qədər gəldi?
5. Görünmək, oxşamaq, təsəvvür edilmək. Uzaqdan döyüş asan gələr. – A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Ə.Haqverdiyev. Bu söhbətlər Fətullaya zarafat kimi gəlirdi. Mir Cəlal.
6. Ərə getməyə razı olmaq, birini xoşlayıb ona ərə getmək; evlənmək. [Əsgər:] İndi, görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Ü.Hacıbəyov. Bəyəndiyi qızlar da Məmmədbağıra gəlməyirdi. S.Hüseyn.
7. Yaxınlaşmaq, yetişmək, çatmaq. Qış gəlmişdi. Yaz gəlir. – Bahar füsunkar, əfsanəvi gözəlliyi ilə bizim ellərə gəlirdi. M.Rzaquluzadə. // Yetişmək, gəlib çatmaq. Elə bir vaxt gəlmişdir ki...
8. Yağmaq. Qar gəlir. Dolu gəlir. – Birdən İzzət qarı qızın qolundan tutub silkələdi: – Cəld tərpən, yağış gəlir.. Ə.Məmmədxanlı.
9. Təyin olunduğu yerə yetişmək, çatmaq (göndərilən şey haqqında). Poçt gəldi. Bugünkü qəzetlər hələ gəlməyib. – [İsmət:] Çox şükür, Canpoladdan; Bu gün bir məktub gəldi. H.Cavid. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlir... S.Rəhimov. // Xəbər, şayiə, məlumat və s. haqqında. Xəbər gəldi. Yeni məlumat gəldi.
10. Daxil olmaq, girmək, bir yerə yığışmaq. İçəri gəlmək. Hamı zala gəldi. – [Almaz Aftilə:] Evinizə gəlmək olarmı? C.Cabbarlı.
11. Cütləşməyə meyil etmək. Qoça gəlmək (qoyun haqqında). Təkəyə gəlmək (keçi haqqında). – Musa kişi isə yenicə kələ gəlmiş sarı inəyin axurunu təmizləyib yerini rahatlamış(dı).. M.İbrahimov.
12. Acımaq, turşumaq, yetişmək (xəmir haqqında). Xəmir gəldi.
13. məc. Zahir olmaq, görünmək; qaplamaq, çulğalamaq. Üzünə sarılıq gəlmək. – Muxtar diksindi, sifətinə bir qırmızılıq gəldi. Ə.Vəliyev.
14. Törəmək, nəşət etmək, çıxmaq. Sözün kökü sanskrit dilindən gəlir. Onun bu xasiyyəti atasından gəlir.
15. Bir şeyin vətənini, hasil olduğu və ya gətirildiyi yeri göstərir. Bizə xına İrandan gəlir.
16. Qoşulmaq, birləşmək. Türk dillərində şəkilçilər sözlərin axırına gəlir.
17. Meydana gəlmək, hasil olmaq. İşləməkdən adama heç bir zərər gəlməz.
18. Axmaq, cərəyan etmək (qaz və mayelər haqqında). Arxdan su gəlir. Qaz yaxşı gəlir. Burnundan qan gəlir.
19. Çıxmaq, görünmək. Pəncərədən işıq gəlir.
20. Görünmək, sanılmaq, təsəvvür edilmək. Bu sözlər mənə yalan kimi gəlir.
21. Yaramaq, münasib olmaq. Uyğun gəlmək. Bu mənim işimə gəlməz.
22. Yetişmək, bərabər olmaq, uyğun olmaq. Paltar əynimə yaxşı gəlir. Onun başı mənim çiynimdən gəlir.
23. Bir şeyin nəticəsi olmaq, bir şeydən yaxud bir şeyin nəticəsində törəmək, doğmaq, nəşət etmək. Bunlar hamısı işi yaxşı bilməməkdən gəlir.
24. Feli bağlama kimi tərkib daxilində işlənir; məs.: gəlib-yetişmək, gəlib çatmaq, gəlib çıxmaq, gəlib ötmək.
25. “Gəl”, “gəlin” – bir işə dəvət mənasında xitab kimi işlənir. Gəl sabahkı işlərimizdən danışaq. – [Cahan:] Sən gəl atababa yolu ilə evlən. Ü.Hacıbəyov. [Orxan:] Üzük, nişan yalnız könüldür, könül; Olma çocuq, sən gəl mənə ver könül. H.Cavid. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı.
26. Əmr formasında: gəl – məsləhət, xahiş bildirir. Sən gəl, bu işə qarışma. Gəl daşı ətəyindən tök.
27. “Gələk” şəklində – keçək, qayıdaq. İndi köhnə məsələyə gələk. – [Əzrək:] Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! Ə.Məmmədxanlı.
28. “Gəldikdə” şəklində – ...haqqında danışmaq lazımsa... Onun məsələsinə gəldikdə... Romanın qəhrəmanına gəldikdə... – [Hüsaməddin] Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. M.S.Ordubadi.
29. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: gözə gəlmək, dilə gəlmək, cana gəlmək, həyəcana gəlmək, ağlına gəlmək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

gəlmək

çatmaq
{çatmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

gəlmək

gelmek, ulaşmak


Last searches: