turklehceleri.org

dəm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dəm

I. is. [fars.]
1. Qısa vaxt, an, ləhzə. • Bir dəm – 1) bir vaxt, bir anlıq. Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif; 2) heç, əsla. Gözəl üzündə bir dəm; Nə dərd görmüşdüm, nə qəm. S.Vurğun. Bir dəmdə – bir anda, bir ləhzədə, dərhal, göz açıb-yumunca. Dönər rəyimlə bir dəmdə bu çərxi-kəcmədar əlbət. S.Ə.Şirvani. Bu dəm(də) – bu vaxt, bu əsnada. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. S.S.Axundov. Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Ə.Haqverdiyev. O dəm(də) – o saat, o vaxt, o dəqiqə, dərhal. Ağaclar tərpədəndə baş çəməndə; Söyüd söylər o dəmdə: – Mən də, mən də. (Ata. sözü). Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün, .. bayram günüdür.. C.Məmmədquluzadə. Hər dəm – hər dəqiqə, hər an, hər ləhzə, həmişə, daim. Quzuya qurd desəm – istəməz quzu; Yazıqlar! Hər dəmdə yazıqdı onlar. M.Araz. // Ümumiyyətlə, vaxt, çağ, zaman, əyyam, dövr (çox vaxt cəmdə işlənir). Cavanlıq dəmi. – Yorğun qanadlarım çırpınmaq istər; Gəl keçən dəmləri etməyəlim yad. M.Müşfiq. Bu dəmlərdə heç nəyə də əlim çatmasa; Qaysağını qopardıram Araz dərdimin. M.Araz. • Dəmi gəlmək – vaxtı gəlmək, növbəsi yetişmək. Araza gəmi gəldi; Su daşdı, gəmi gəldi; Yaş tök, ağla, gözlərim; Ayrılıq dəmi gəldi. (Bayatı).
2. Ədat mənasında. Gah, bəzən. – Ay hacı, dünyadır da, dəm eniş, dəm yoxuş, bilmirsən? S.Rəhimov.

II. is. [fars.]
1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir. – Dedim: – Vallah, onu-bunu bilmirəm, bu saat .. [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə. • Dəm almaq (çəkmək) – 1) qaynar suda qalıb yetişmək, suyu çəkilərək öz buğunda bişmək. Plov dəm almışdır. – Hər cümə avamın plovu dəm çəkir. M.Möcüz; 2) od üstündə rəng alaraq ətri çıxmaq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında). Dəm tökmək – tərləmək, damcı-damcı tökülmək (dəm çəkmək üçün qazanın ağzına qoyulan qapaqdan). Dəmə qoymaq – aramla öz buğunda bişmək, yaxud dəm almaq üçün zəif od üstündə saxlamaq. Xörəyi dəmə qoymaq. Çayı dəmə qoymaq. Dəmini almaq – dəm almaq üçün qazanın ağzına qoyulmuş qapağı götürüb üzərindəki damcı-damcı suyu kənara tökmək. Sürmə xala plovun dəmini aldı.. S.Rəhimov.
2. Buğ, buxar, qaz. // Kömürün və s.-nin natamam yanması nəticəsində əmələ gələn boğucu, zəhərli qaz. Dəm tutmaq. Dəmdən zəhərlənmək. Dəm qazı.
3. məc. Kef, nəşə; istirahət. Dəm dəm gətirər, qəm – qəm. (Ata. sözü). Qüssəyə gəl, qəmə gəl; Kef istəsən, dəmə gəl; Dərd bilən özü gələr; Bilməyənə demə, gəl. (Bayatı). • Dəm almaq (çəkmək) – nəşələnmək, keflənmək, ləzzət çəkmək, xoşlanmaq. [Aşpaz] ocağın istisi dəydikcə xumarlanıb dəm alırdı. M.Hüseyn. Dəmə uymaq – kefə uymaq, başı kefə qarışmaq. Heç demirlər oğul-uşaq var. Yəqin dəmə uyublar. S.Rəhimov. Dəmi sazlanmaq – kefi gəlmək; nəşələnmək. Mocuxun kefi kökəldi, dəmi sazlandı. S.Rəhimov.
4. məc. dan. Bərk kefli, məst. Hərif dəmdir.
5. məh. Bax dəmyə 1-ci mənada. Dəm xır. Dəm bostan. ‣ Dəm tutmaq – 1) züy tutmaq bax züy1 (1-ci mənada). Yağan o gur yağış da silə bilmədi fəqət; Onun kədərlərinə dəm tutmuşdu təbiət. B.Vahabzadə; 2) səsini başqasının səsinə uyğunlaşdırmaq. [Ziba] özözünə mığıldaya-mığıldaya uşağın ağlamağının dəmini tuturdu. C.Məmmədquluzadə. ..İmamqulu isə koxanın xorultusuna gecə uzunu dəm tutdu. S.Rəhimov; 3) məc. başqasının dediklərini, fikrini təkrar etmək, başqasının hərəkətlərini təqlid etmək. Dəm vermək – 1) hərəkətə gətirmək, işə başlamaq. İşə dəm vermək; 2) bax dəm tutmaq 2 və 3-cü mənalarda. Dəm vurmaq – səlahiyyəti, məlumatı, xəbəri və ya haqqı olmadığı bir şeydən ağızdolusu danışmaq, bəhs etmək, iddiasında olmaq. Hətta millətin dərisini soyan adamlar da millətdən dəm vurub, “millət belə gəldi, millət belə getdi” deyirlər. F.Köçərli. // Ümumiyyətlə, bir şey haqqında danışmaq. Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən. Füzuli. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Ə.Haqverdiyev. [Bədircahan:] Birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. N.Vəzirov. // “Özündən” sözü ilə – özünü tərifləmək. Az özündən dəm vur. – Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı. “Koroğlu”. Dəmə tutmaq – danışdırmaq, sorğu-suala tutmaq. Qubernat tutubdur Sonanı dəmə; Edir sözlərini dilmanc tərcümə. H.K.Sanılı.

III. is. [fars.] Nəfəs. • Dəm-dəmə vermək – nəfəs-nəfəsə vermək, səs-səsə vermək. Mərsiyəxanlar verəcək dəm-dəmə; Sən hələ bildiklərini qoy nəmə! Ə.Nəzmi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dəm

I. buğ, buxar, qaz
{buğu, buhar, gaz}

II. kef, nəş’ə
{keyif, neşe}

III. nefəs
{nefes}

IV. kefli, məst
{keyifli, mest}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dəm

dem


Last searches: