turklehceleri.org

Nəzər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nəzər

is. [ər.]
1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi. Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək. Küskün nəzər. İncik nəzər. – Ey gül, nə əcəb silsileyi-müşki-tərin var; Ahu nəzərin var! M.Ə.Sabir. [Ağsaqqal qocalar] .. qorxaq nəzərləri ilə bizi salamladılar. H.Nəzərli. // Göz, baxış. ..Hamının nəzəri onlara tərəf çevrildi. Mir Cəlal.
2. məc. Nəzərində şəklində – ...gözündə, ...təsəvvüründə, ...düşüncəsinə görə. İşlərimiz avropalıların nəzərində elə bir .. əhəmiyyətli əhvalatdır ki, .. onlar indiyədək neçə cild kitablar yazıblar. C.Məmmədquluzadə. ..Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.
3. Göz, diqqət, himayə, kömək. Səməd dərhal Nadirin yanına yüyürüb [dedi:] – Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. B.Talıblı.
4. məc. Bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə. [Qadın:] ..Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. Mir Cəlal. ‣ Nəzər dəymək – bax. göz dəymək (“göz”də). Tanrıdan əhdim budur; Dəyməsin nəzər sənə. (Bayatı). Nəzər etmək (yetirmək, qılmaq) – nəzər salmaq, diqqət etmək, fikir vermək, maraqlanmaq, göz yetirmək. Nəzərdə tutmaq (saxlamaq) – nəzərə almaq, fikirdə tutmaq, haqqında düşünmək. [Aslanov:] Mollayev məni də çağırtdırıb, nəzərdə tut ki, bu gün bərk vuruşa bilərik. M.Hüseyn. Əntərzadə bütün bu mülahizələri nəzərdə tutub, bədii hissəyə hazırlıq görməmişdir. Mir Cəlal. Nəzərdən düşmək (çıxmaq) – unudulmaq, yaddan çıxmaq, etibardan düşmək; gözdən düşmək. Gövhəri-əşkim kimi düşdün nəzərdən aqibət. S.Ə.Şirvani. [Sara:] ..Səni sevəndən sonra hər bir şey nəzərimdən çıxıb. C.Cabbarlı. Nəzərdən keçirmək – gözdən keçirmək, baxmaq, göz yetirmək. ..Onların mənzillərini nəzərdən keçirdik. M.S.Ordubadi. [Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb, yanından sallanan qiymət kağızını nəzərdən keçirdi. S.Rəhimov. Nəzərdən qaçırmaq – diqqətsizlik üzündən unutmaq, gözdən qaçırmaq, yaddan çıxarmaq. [Sədr:] ..Lazımi idarələr bunu nəzərdən qaçırmışlar.. C.Cabbarlı. Nəzərdən qaçmaq – bax. gözdən qaçmaq (“göz”də). Bu şanlı vəzifəm, inan, şübhəsiz; Mənim nəzərimdən qaçmayıb, qaçmaz. S.Rüstəm. Nəzərə almaq – bax. nəzərdə tutmaq. Deyirəm, ölməyini, ay kişi, bir al nəzərə. M.Ə.Sabir. Nəzərə gəlmək – 1) görünmək, ...kimi görünmək. Rəngi saralmış, başının tükləri ağarmış Şaban altmış yaşında nəzərə gəlirdi. Ə.Haqverdiyev; 2) bax. gözə gəlmək 3-cü mənada (“göz”də). Nəzərə vermək – maraq oyatmaq, nəzər-diqqəti cəlb etdirmək, nəzərə çarpdırmaq. [Ağa Kərim:] Sənin canın üçün bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim. M.F.Axundzadə. [Mirzə İsmayıl:] Sonra mən səni xanın nəzərinə verərəm. Ə.Haqverdiyev. Nəzəri cəlb etmək – maraq oyatmaq, diqqəti cəlb etmək, hamının marağına səbəb olmaq. Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. S.S.Axundov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nəzər

baxış, əqidə, görüş
{bakış, itikat, görüş}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

nəzər

nazar


Last searches: