Məşğul
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məşğul
is. [ər.] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz. – Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli. [Sona Ümidə:] Görünür, çox ciddi məşğulsunuz.. B.Bayramov. • Məşğul etmək – 1) başını qarışdırmaq, əyləndirmək. Yaşı otuzdan yuxarı olmasına baxmayaraq, [qadın] Zeynalı məşğul edə bilirdi. S.Hüseyn. Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Mir Cəlal; 2) fikrini yayındırıb işinə mane olmaq, vaxtını almaq, işindən ayırmaq. Məşğul olmaq – 1) bir sənəti olmaq, bir peşə sahibi olmaq, bir işdə işləmək. Müəllimliklə məşğul olur. Saatsazlıqla məşğul olmaq. – [Ümid katibə:] Mənim nə işlə məşğul olduğumla maraqlanırsınızsa, gedib öz gözünüzlə görə bilərsiniz. B.Bayramov; 2) bir iş görmək, başı qarışmaq, çalışmaq. Mütaliə ilə məşğul olmaq. – [Rəhim] bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Dərviş cavab verməyib, çörək yeməyə yenə dəxi məşğul oldu. A.Divanbəyoğlu; 3) fikir vermək, maraq göstərmək. Uşaqları ilə məşğul olmaq. Ata-anası onunla yaxşı məşğul olmamışdır; 4) özünə, öz səhhətinə, canına, üst-başına və s. baxmaq, qeydinə qalmaq. Sən heç özünlə məşğul olmursan.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məşğul
meşgul